28 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günü münasibətilə “Zərifə Əliyeva – elmə və insanlığa həsr olunmuş ömür” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktor vəzifələrini müvəqqəti icra edən Səidə Şahverdiyeva açaraq Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiya sahəsində qazandığı nailiyyətlər və Azərbaycan tibb elminin inkişafındakı mühüm xidmətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, onun fəaliyyəti bu gün də gənc tibb işçiləri üçün nümunə olmaqla yanaşı, elmin və insanpərvərliyin vəhdətini özündə əks etdirir.
Daha sonra kollecin müəllimi Tamella İbrahimova “Zərifə Əliyevanın işıqlı ömrü və insanlığa xidməti” mövzusunda çıxış edərək alimin həyat yolu, elmi araşdırmaları və cəmiyyətə verdiyi töhfələr barədə ətraflı məlumat vermişdir.
Ardınca Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkimi, kollecin müəllimi Arzu Qasımova “Akademik Zərifə Əliyeva – tibbə həsr olunmuş ömür” mövzusunda çıxış edərək onun oftalmologiya sahəsindəki yeniliklərindən, xəstələrə göstərdiyi diqqət və qayğıdan, həmçinin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi əvəzsiz töhfələrdən danışmışdır.
Tədbirin sonunda iştirakçılar tərəfindən Zərifə Əliyevanın xatirəsi dərin ehtiramla yad edilmiş, onun həyat və fəaliyyətinin gənc nəslə örnək olduğu bir daha vurğulanmışdır.