19 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kolleci və Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Müvəkkil aparatının əməkdaşları, kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə kollecin direktoru Sona Məmmədova və Müvəkkil aparatının əməkdaşı Sadiq Babayev giriş sözü ilə çıxış edərək ölkəmizdə "İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib və təşkil olunan tədbirin əhəmiyyətindən danışıblar.
Sonra Ombudsman aparatının əməkdaşı İmran Hüseynov "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafının müasir mərhələsi" mövzusunda çıxış edərək ölkədə insan hüquq və azadlıqlarının demokratik dəyərlər çərçivəsində təmini sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, o cümlədən hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş tədbirlər barəsində məlumat verib.
Sonda ölkədə insan hüquqlarının inkişafına həsr olunmuş videoçarx izlənilib və fikir mübadiləsi
aparılıb.