10 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə işinin aparılmasına dair” tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Kollecin direktoru Sona Məmmədova açaraq, mövzunun gənclərin sağlam inkişafı və gələcək ailə həyatında mühüm rol oynadığını vurğulamışdır. Direktor qeyd etmişdir ki, belə maarifləndirici tədbirlər gənclərdə sağlam düşüncə, məsuliyyətli münasibət və düzgün həyat tərzinin formalaşmasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Kliniki fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Yeniyetmələr arasında reproduktiv sağlamlıq və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması yolları” mövzusunda çıxış etmişdir. Həkim çıxışında reproduktiv sağlamlığın həm kişi, həm də qadın üçün vacibliyindən bəhs edərək, erkən nikahın, arzuolunmaz hamiləliklərin və cinsi yolla keçən xəstəliklərin qarşısının alınmasının yollarını izah etmişdir.
Daha sonra Kollecin təcrübə işləri üzrə direktor müavini Səbinə Səyyadova “Gənclərdə sağlam həyat tərzi və maarifləndirmə fəaliyyətinin əhəmiyyəti” mövzusunda çıxış edərək sağlam həyat tərzinin yalnız fiziki deyil, həm də psixoloji və emosional rifah üçün vacib olduğunu qeyd etmişdir. O, gəncləri öz orqanizmlərinə diqqətlə yanaşmağa, zərərli vərdişlərdən uzaq durmağa və hər hansı dəyişiklik hiss etdikdə vaxtında həkimə müraciət etməyə çağırmışdır.
Tədbirin sonunda tələbələr həkimlərə suallar ünvanlamış, mövzu ilə bağlı onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Gənclər bu cür maarifləndirici tədbirlərin onların biliklərinin və sağlamlıq mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını bildirərək təşkilatçılara və çıxış edən həkimlərə təşəkkür etmişlər.