Naxçıvan Tibb Kollecində Yay İmtahan Sessiyası başlayıb
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecində 2024–2025-ci tədris ilinin yay imtahan sessiyasına start verilib. Sessiya 29 may 2025-ci il tarixindən etibarən başlayıb və iyul ayının ilk həftəsinə qədər davam edəcək.
Hər gün keçirilən yazılı imtahanlar üçün xüsusi nəzarət sistemi tətbiq olunan otaq müəyyənləşdirilib. Belə ki, imtahan zalında veb kameralar quraşdırılaraq imtahanların gedişinə nəzarət edilir. İmtahan prosesində kollecin müəllimləri və laborantlar nəzarətçi kimi iştirak edirlər. İmtahanlarda tələbə hər biletdə 5 sual cavablandırmaqla maksimum 50 balla qiymətləndirilir. İmtahan sessiyasından əvvəl tələbələr imtahana qədərki ballarını mobil operator vasitəsilə öyrənir. İmtahan bitdikdən sonra nəticələri yoxlamaq üçün müəllimlərə mobil operator vasitəsilə bildiriş verilir. İmtahan biletlərinin üzərinə tələbə haqqında məlumatlar qeyd olunmuş QR-kod (barkod) işlənmişdir. İmtahanlar bitdikdən sonra tələbənin yekun imtahan balı e–cədvəl mobil tətbiqi vasitəsilə tələbəyə bildirilir. İmtahanlara ümumi nəzarət etmək üçün imtahan qərargahı yaradılıb. İmtahanların gedişində texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə qısa müddətdə baxılması və şikayətin obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb.
Kollecdə uğurla həyata keçirilən elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur ki, bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.