Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində müasir tədris imkanlarının genişləndirilməsi istiqamətində növbəti addım atılıb. Kollecdə keçirilmiş tender uğurla nəticələnib və nəticə olaraq yeni kompüterlər, müxtəlif texniki avadanlıqlar, həmçinin müasir nəzarət kameraları tədris prosesinə gətirilib və quraşdırılıb.
Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tədris prosesinin daha keyfiyyətli və şəffaf təşkilinə, tələbələrin peşə bacarıqlarının artırılmasına şərait yaradacaq. Yeni gətirilən avadanlıqlar müəllim və tələbələrin istifadəsinə verilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli çıxış edərək tenderin məqsədi və nəticələri haqqında ətraflı məlumat verib. O, müasir avadanlıqların tədrisdə tətbiqinin tələbələrin praktiki biliklərinin möhkəmlənməsinə, nəzarət sisteminin isə şəffaflığın təmininə mühüm töhfə verdiyini vurğulayıb.
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova isə çıxışında kollecin təhsil imkanlarının daim zənginləşdirildiyini, tələbələrin peşəkar hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. O, göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Yeni texnoloji avadanlıqların və nəzarət kameralarının istifadəsi kollecdə tədris prosesinin keyfiyyətini daha da yüksəldəcək, şəffaflıq və peşəkarlığın təmin olunmasında mühüm rol oynayacaq.