30 sentyabr 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində kollecin 95 illik yubileyinə həsr olunmuş “Şərəfli keçmişdən, parlaq gələcəyə” adlı tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Tibb Kollecinin direktor vəzifələrini müvəqqəti icra edən Səidə Şahverdiyeva çıxış edərək kollecin 95 illik fəaliyyəti, zəngin tarixi, səhiyyə sahəsinə verdiyi töhfələr və yetişdirdiyi ixtisaslı kadrlar barədə danışıb. Bildirilib ki, 95 il ərzində kollec Naxçıvanın səhiyyə sisteminin inkişafında mühüm rol oynayıb, peşəkar tibb mütəxəssislərinin hazırlanmasına öz töhfəsini verib.
Tədbir çərçivəsində Naxçıvan Tibb Kollecinin yaradıldığı gündən bu günədək keçdiyi inkişaf yolunu, kollecin tarixini, fəaliyyətini və müxtəlif dövrlərdə əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra kollecin tələbələrinin ifasında müxtəlif musiqi nömrələri təqdim edilib. Tələbələrin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə kollecin uzun illər ərzində fəaliyyət göstərmiş əməkdar və qocaman həkimləri də çıxış edərək kollecdə keçirdikləri illərdən, peşə fəaliyyətlərindən, xatirələrindən və təhsil ocağının keçdiyi inkişaf yolundan söz açıblar. Onlar kollecin 95 illik yubileyi münasibətilə kollektivə və tələbələrə xoş arzularını çatdırıblar.