20 may 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, xüsusilə yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində şərti zəlzələ və yanğın hadisəsi zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən tələbələrin sinif otaqlarından təhlükəsiz təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib. Daha sonra yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılıb, çevik kəşfiyyat aparılıb, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları uğurla icra olunub.
Maarifləndirici tədbir uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.