05 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində unudulmaz müəllim, fədakar həkim və dəyərli insan Mahirə Orucovanın əziz xatirəsinə həsr olunmuş anım tədbiri baş tutdu.Mahirə həkim Naxçıvan Tibb Kollecinin məzunu olub,daha sonra Azərbaycan Tibb Universitetini bitirib,Naxçıvanda müxtəlif səhiyyə müəssisələrində çalışıb,ona doğma olan Tibb Kollecində uzun illər pedaqoji fəaliyyətlə məşğul olub.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova Mahirə Orucovanın kollecdı uzun illər mama-ginekologiya fənnini tədris etdiyini, tələbələrə yalnız bilik deyil,həm də peşeyə sevgi aşıladığını bildirib.O, mərhumun pedoqoji və tibbi fəaliyyətində məsuliyyətli,qayğıkeş və nümunəvi bir şəxs kimi yadda qaldığını vurğulayıb.Tədbirdə onun həmkarları, tələbələri, dostları və yaxınları iştirak edərək Mahirə həkimin elmi-pedaqoji fəaliyyətindən, insanlara olan qayğısından və şəfqətli həkim obrazından danışdılar. Çıxış edənlər onun tələbələrinə verdiyi bilik və tərbiyənin, peşəsinə olan sevgisinin bu gün də hörmətlə xatırlandığını vurğuladılar.
Mahirə həkimin həyat yolu, əməlləri və insanlara bəxş etdiyi sevgi tədbir iştirakçılarının yaddaşında bir daha canlandı. Onun haqqında paylaşılan xatirələr, səmimi duyğular və minnətdarlıq sözləri tədbirə dərin emosional məna qatdı.
Allah rəhmət eləsin. Mahirə həkimin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.