14 may 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kolleci və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşlarının iştirakı ilə "Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova kibercinayətkarlığın cəmiyyət üçün yaratdığı təhlükələrdən və bu mövzuda maarifləndirmənin əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək qeyd edib ki, kibercinayətkarlıq qlobal miqyasda sosial bəla kimi qiymətləndirilir və insan hüquqlarına, demokratiyaya, qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə ciddi təhdid yaradır. O, bu sahədə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və maarifləndirmənin vacib rolu barədə məlumat verib.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla Mübarizə bölməsinin əməkdaşı Əli Qasımlı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin rəhbəri Mərhəmət Bayramov təqdimatla çıxış ediblər.