Avqust
1
1 avqust – Ümumdünya Ağciyər Xərçəngi Günü
2012-ci ildən etibarən hər il avqustun 1-i Ümumdünya Ağciyər Xərçəngi Günü kimi qeyd edilir. Onun əsas məqsədi ağciyər xərçəngi ilə bağlı qarşıya çıxan problemləri, xüsusən də tədqiqatların maliyyələşdirilməsinə ehtiyac barədə məlumatlılığın artırılmasıdır.Sirr deyil ki, ağciyər xərçəngi çox sayda insana təsir göstərir. Əksəriyyət hələ də bu xəstəliyin yalnız siqaret çəkənlərə və ya yaşlı insanlara təsir etdiyinə inanır, lakin bu belə deyil. Ağciyər xərçəngi gənc və ya yaşlı, siqaret çəkən yaxud çəkməyən hər kəsə təsir edə bilər. Məhz buna görə, həqiqətdən tamamilə uzaq mifləri ifşa etmək olduqca vacibdir. Yanlış inanclar diaqnozu gecikdirə, insanların müayinədən keçməsinə mane ola və ya müalicə qorxusu yarada bilər. Həqiqi faktlar haqqında nə qədər çox danışsaq, xəstəliyi erkən aşkarlamaq və insanların həyatını xilas etmək şansımız bir o qədər çox olar.